phone (994 12) 430-30-62
(994 12) 497-06-49
phone Şikayət üçün:
(994 51) 232-60-60

Bir hektardan 83 sentner məhsul əldə olunub - Uğurlu təcrübə

Kənd Təsərrüfatı Nazirliyinin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə 2021-ci ildən Azərbaycanda pambıq istehsalı üzrə torpaq, su və qida maddələrinin idarə edilməsi ilə bağlı “ağıllı kənd təsərrüfatı” təcrübələrinin tətbiqi layihəsi icra olunur. Artıq müsbət nəticələr var, pambıqçılıqda 83 sentner məhsuldarlıq əldə edilib.

Bu barədə AZƏRTAC məlumat yayıb. Bildirilib ki, ölkəmizdə pambıqçılığın inkişafı istiqamətində atılan addımlardan biri də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin eksperti, pakistanlı Mohammad Zamanın təklif etdiyi üsulun tətbiq olunmasıdır. İki ildir ki, sahələrdə yerli iqlim şəraitinə uyğun olaraq sınaq təcrübələr aparılır. Ölkəmizə səfər edən Mohammad Zaman bildirib ki, layihə çərçivəsində Azərbaycanda pambıq istehsalı və keyfiyyətinin yaxşılaşdırılması üçün nüvə texnologiyalarından istifadə etməklə əldə olunan pambıq toxumlarından istifadə edilib.

“Birinci növbədə “ağıllı kənd təsərrüfatı” təcrübələri inkişaf etdirilib, nüvə texnologiyalarından istifadə etməklə əldə olunan Pakistan sortları olan toxumlar əkilib. İkinci növbədə, Azərbaycan alimlərinin potensialının gücləndirilməsi üçün təlimlər, fermer təsərrüfatlarında “ağıllı kənd təsərrüfatı” təcrübələri tətbiq edilməklə nümayiş əkinləri göstərilib. Hazırda fermer təsərrüfatında nəticələri əyani görmək mümkündür. Demək olar ki, layihə əsasında pambığım məhsuldarlığının və lif keyfiyyətinin artırılmasına nail olunub. Pakistanın pambıq sortlarının məhsuldarlıq potensialı bir hektardan 12 tondur. Azərbaycanda torpağın hums qatı yüksək olduğu üçün “ağıllı kənd təsərrüfatı” təcrübəsindən istifadə etməklə yeni uğura imza atılıb. Pakistandan gətirilmiş “Cotton super” sortu Azərbaycanın torpaq iqlim şəraitində ilkin mərhələdə hektardan 83 sentner olmaqla, yüksək məhsuldarlıq verib. Bu, gələcəkdə Azərbaycanda pambıqçılığın inkişafında əhəmiyyətli rol oynaya bilər”, - deyə ekspert bildirib.

AEBA-nın ölkəmizdəki koordinatoru Nəzakət İsmayılzadə isə qeyd edib ki, layihənin icrasında əsas məqsəd qlobal istiləşmə şəraitində “ağıllı kənd təsərrüfatı” təcrübələrinin genişləndirilməsidir. Layihə əsasında Azərbaycanda 10-a yaxın rayonda sınaq əkinləri aparılıb və yüksək nəticələr əldə olunub.

“Ağıllı kənd təsərrüfatı” təcrübəsindən istifadə edən fermerlərdən biri Səxavət Məmmədovdur. Bildirir ki, artıq iki ildir bu layihə əsasında pambıq becərir. Nəticələr də yüksəkdir. Təkcə ötən il öz təsərrüfatında 7 sort pambıq toxumunu “ağıllı kənd təsərrüfatı” təcrübəsi ilə yetişdirən S.Məmmədov “Cotton super” sortu sayəsində hər hektara 90 sentnerə yaxın məhsul əldə edib. Cari ildə də 3 hektar sahədə “Cotton super” toxumu becərən fermer deyir ki, bu sort əsasən xəstəliklərə, quraqlığa dözümlü olması ilə seçilir. Eyni zamanda, becərmə işləri zamanı gübrəyə çox da ehtiyac qalmır. “Bu sort digər pambıqlardan ləçək və çiyid sayına görə də fərqlənir. Digər pambıqların qozasında 4 ləçək olur, lakin “Cotton super” sortunda ləçəklərin sayı 5-dir. Həmçinin çiyid sayı 9-dur. Digər üstün cəhət isə pambıq lifinin daha böyük olmasıdır. Sahələrdə defolyasiya işini yerinə yetirmişik və yaxın günlərdə yığım aparacağıq. Bu il də sahədən hər hektara 9-10 ton civarında məhsul götürməyi nəzərdə tutmuşuq”,- deyə fermer bildirib.