phone (994 12) 430-30-62
(994 12) 497-06-49
phone Şikayət üçün:
(994 51) 232-60-60

Ötən il istehlakçılara 59 milyard manatlıq məhsul satılıb

Ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59,0 milyard manatlıq, o cümlədən 33,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,0 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, 2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb. Ötən il alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ilində qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3,7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib. 2022-ci illə müqayisədə 2023-cü ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,1 faiz, fərdi sahibkarlar üzrə 3,6 faiz, bazar və yarmarkalarda 4,3 faiz artıb.

18-01-2024